Bir neçə gün öncə “Səbail” baş məşqçi Şahin Diniyevlə yeni müqavilə imzaladığını açıqladı.

Təcrübəli mütəxəssis daha 1 il “dənizçilər”i çalışdıracaq. Görəsən, klub yerli məşqçinin qarşısına hansı şərtləri qoyub? Deyilənlərə inansaq, “gəmiçilər”in büdcəsində ciddi azalma olub. Bu məqam çalışdırıcının da maaşına təsir edib. Bu informasiya nə qədər doğrudur?

Bütün bu suallara aydınlıq gətirmək üçün klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovla əlaqə saxladıq. “Səbail” rəsmisinin Offsideplus.az-a açıqlaması belə oldu:

“Şahin müəllimlə 1 illik yeni müqavilə imzalanıb. Hazırda da komandanın kompleksləşməsi üçün işlər aparılır”.

Həmkarımızın cavabı qısa və net oldu. Görünür, “Səbail”də hələ də qeyri-müəyyənliklər davam edir. Çünki belə cavabın başqa izahı yoxdur. Offsideplus.az olaraq məşqçiləri ilə yeni müqavilə imzalayan bütün klublarımıza – “Qəbələ” və “Araz-Naxçıvan”a bu müstəvidə sorğu ünvanlamışıq. Hər ikisi də şərtlər və az da olsa, detallar barədə məlumat verib. “Səbail”in bu məsələdən boyun qaçırmasının səbəbini başa düşürük. 2024/25 mövsümündə də avrokuboklara vəsiqə qazanmayanda əllərində bəhanələri olacaq. “Vallah-billah, Premyer Liqada qalmaq üçün mübarizə aparırdıq”, - deyə açıqlama verə biləcəklər. Şahin müəllim də “4 balamın canı üçün, qarşıma komandanı liqada saxlamaq şərti qoyulmuşdu”, - deyə fəryad edəcək.

Təcrübəli mütəxəssis mətbuat konfranslarında üsyan edir ki, haqqımızda yalan şeylər yazılır. Sizin kluba məlumatı dəqiqləşdirmək üçün müraciət edəndə öz aləminizdə bizi yola verirsiniz axı, ay Şahin müəllim. Jurnalist etikasını qoruyaraq dolğun informasiya əldə etmək istəyirik. Sizin də vurğuladığınız kimi "sarı mətbuatlıq" etmirik. Görəsən, "Səbail" niyə qeyri-peşəkarlıq edərək sorğuya tam və dolğun cavab vermir?